La Liqanın 32-ci turunda lider “Real Madrid” ən yaxın izləyicilərindən “Sevilya”nın qonağı olub.
Görüşə meydan sahibləri daha yaxşı başlayıblar. 21-ci dəqiqədə İvan Rakitiç cərimə zərbəsini dəqiq yerinə yetirib. Az sonra hesab artıb. Bu dəfə Erik Lamela hədəfdən yayınmayıb. Fasiləyə 0:2 hesabı ilə geridə yollanan “Real” futbolçuları 2-ci hissədə möhtəşəm dönüş ediblər. Bu mövsüm Çempionlar Liqasında əzmkar oyunu ilə seçilən “Kral Klubu” La Liqaya da damğasını vurub. Fasilədən dərhal sonra meydana daxil olan Rodriqo 4 dəqiqədən sonra qol vurmaqla qonaqları ümidləndirib. 83-cü dəqiqədə tarazlıq bərpa olunub. İlk qolun ötürməsini verən Dani Karvaxal bu dəfə Naçoya asist edib 2:2. 2-ci hissəyə artırılan vaxtda isə Kərim Benzema qarşılaşmada son nöqtəni qoyub. Beləliklə Sevilyada əzmkar qələbə qazanan “Real Madrid” rəqibi ilə xal fərqini 15-ə yüksəldib. “Barselona” da liderdən 15 xal geri qalsa da, Kataloniya klubunun ehtiyatda 2 oyunu var.